Femoro-popliteal şuntlama nədir?
Femoro-popliteal şuntlama, femoral arteriyanın tıxanmış sahəsi ətrafında qan axınını bərpa edən cərrahi bir prosedurdur.
Əməliyyat bud arteriyasının tıxanması zamanı göstərişdir. Əksər hallarda tıxanmanın səbəbi aterosklerozun inkişafıdır. Aşağı ətrafların damarlarının obliterasiya edən aterosklerozu zamanı bud arteriyasının divarlarında kirəç əmələ gəlir, bu kirəc artdıqca qan axınına maneə törədir. Nəticədə, ayağın aşağı hissələrində arterial qan çatışmazlığı yaranır. Bu, fiziki aktivlik zamanı ayaqlarda ağrıya səbəb olur. Sonrakı mərhələdə xoralar inkişaf edə bilər.
Femoro-poplİteal şuntlama, ayağın aşağı hissələrinə düzgün qan tədarükünü bərpa etmək, ayaqdakı ağrıları aradan qaldırmaq və qanqrenanın inkişafının qarşısını almaq üçün nəzərdə tutulmuşdur.
ƏMƏLİYYAT ÜÇÜN GÖSTƏRİŞ
Əməliyyat üçün göstəriş femoral-popliteal seqmentin arteriyalarının zədələnməsi nəticəsində aşağı ətrafın işemiyasıdır. Əməliyyat sintetik şunt və ya autovein istifadə olunmaqla həyata keçirilir.
ƏMƏLİYYAT NECƏ APARILIR
Əməliyyatın mahiyyəti tıxanmış sahədə üst və alt arteriyaları birləşdirən şuntu qurmaqdır. Bu zaman damarın zədələnən hissəsi adətən çıxarılmır. Bir çox hallarda şunt kimi xəstənin öz venası, bəzi hallarda isə sintetik protezdən istifadə olunur. Qasıq nahiyəsində kəsik edilir və burada şunt bud arteriyasına tikilir. Xüsusi kanal vasitəsilə şunt ayağın aşağı hissəsinə gətirilir, burada femoral arteriyanın aşağı hissəsinə və ya popliteal arteriyaya tikilir.
Əməliyyat ümumi anesteziya altında və ya (daha çox) spinal anesteziya altında aparılır.
Əməliyyat təxminən 3 saat davam edir.
FEMORAL-POPLİTEAL ŞUNTLAMA ÜÇÜN HAZIRLIQ
Ateroskleroz sistemli xəstəlikdir. Bu o deməkdir ki, aşağı ətrafların aterosklerozu kimi özünü göstərən aterosklerotik dəyişikliklər arterial sistemin digər hissələrində də ola bilər. Başqa sözlə, aşağı ətrafların aterosklerozu, məsələn, koronar arteriyaların aterosklerozunun xəbərçisi ola bilər. Əməliyyat zamanı ürək ağırlaşmalarının inkişaf riskini minimuma endirmək üçün femoro-popliteal şuntlama əməliyyatından əvvəl hərtərəfli müayinə aparılmalıdır, o cümlədən:
qan testləri (ümumi, biokimyəvi, koaquloqramma və həkim tərəfindən təyin olunan digərləri);
ümumi sidik analizi;
elektrokardioqramma (EKQ);
Exokardioqramma (ExoKQ);
döş qəfəsinin rentgenoqrafiyası;
Damarların (aşağı ətraf, karotid və vertebral arteriyalarının) US Rəngli Doppler müayinəsi.
Qəbul etdiyiniz dərmanlar barədə həkiminizə məlumat verməyiniz tövsiyə olunur. Bəzi dərmanlar əməliyyatdan bir həftə əvvəl dayandırılmalıdır.