Blog Image
  • May 20, 2023, 2:07 p.m.

Damar Cərrahı Kimdir I Fleboloq Həkim Nə Müalicə Edir

Damar cərrahı kimdir?
Damar cərrahı, həm də anqiocərrah kimi də tanınır, bütün damar sisteminin xəstəliklərinin müəyyən edilməsi və müalicəsi ilə məşğul olan kifayət qədər geniş profilli bir həkimdir. Damar cərrahı həm fleboloq (venoz damarlar üzrə), həm anqioloq (arterial damarlar üzrə), həm limfoloq (limfatik damarlar üzrə) kimi ixtisaslaşmış mütəxəssisdir. Damar cərrahları həmçinin xəstəliyin şiddətindən və təbiətindən asılı olaraq patologiyaların müalicəsi prosesində cərrahi və ya azinvaziv (kiçik kəsik və ya dəlikdən) müdaxilələr həyata keçirirlər.
Hansı əlamətlərdə damar cərrahına müraciət edilməlidir?
Damar xəstəlikləri tədricən inkişaf edir, buna görə də ilkin mərhələdə onların simptomlarına çox vaxt fikir vermirlər. Xəstəliyi vaxtında aşkar etmək üçün öz sağlamlığınızı diqqətlə izləmək və hər hansı bir ilkin  əlamətdə həkimə müraciət etməlisiniz. Aşağıdakı əlamətlər damar cərrahına müraciət etmək zamanının gəldiyini deyə bilər:

  • ayaqlarda və bədənin digər hissələrində damar "ulduzu" əmələ gəldikdə;
  • ayaqlarda ağrı, ağırlıq, şişkinlik;
  • istirahət zamanı pəncədə ağrı;
  • ayaqların tez yorulması;
  • damarlarda vizual nəzərəçarpacaq genişlənmə;
  • əllərin və ayaqların uyuşması;
  • əllərin və ayaqların üşüməsi və ya hər hansı birinin daha soyuq olması;
  • əl və ayaq barmaqlarının göyərməsi və ya qaralması;
  • yeriyərkən müəyyən məsafədən sonra əzələlərdə ağrı;
  • müxtəlif nevroloji əlamətlərin (başgicəllənmə, bir tərəfli hərəkət məhdudiyyəti və ya hissiyatın olmaması, nitq pozğunluğu və sair) baş beyin qan dövranın pozulması ilə əlaqəsi olanda;
  • qıcolmalar (kramplar);
  • ayaq dərisinin rənginin dəyişməsi;
  • trofik xoralar.
    Bu simptomlar müxtəlif xəstəliklərin əlaməti ola bilər. Diaqnozu dəqiqləşdirmək üçün həkimin təyin edəcəyi müayinələrdən keçməlisiniz.

Damar cərrahi hansi xəstəlikləri müalicə edir?
Aşağıdakı xəstəliklər üçün damar cərrahının müdaxiləsi tələb oluna bilər:

  • damarların varikoz genişlənməsi;
  • endarterit - xroniki vazospazm və iltihabi proses, damarların tam daralmasına və nekrozuna səbəb ola bilər;
  • ateroskleroz – arterial damarların divarlarında xolesterinin yığılması nəticəsində damarın daralması və tutulması;
  • anevrizma – arterial damarların divarlarının zədələnməsi nəticəsində genişlənməsi və cırılma ehtimalının yüksək olması;
  • Reyno xəstəliyi - soyuq və ya emosional stressin nəticəsində əllərə və ayaqlara arterial qanın paylanmasının pozulması;
  • teleanqioektaziya - dərinin kiçik damarlarının genişlənməsi, qızartı və damar "ulduzları" ilə müşahidə olunur;
  • flebit - venoz damarların divarlarının iltihabı;
  • tromboz - damarlarda qan laxtalarının meydana gəlməsi;
  • tromboflebit - qan laxtalarının əmələ gəlməsi ilə müşayiət olunan venoz damarların divarlarının iltihabı;
  • tromboangiit - qollarda və ayaqlarda orta və kiçik damarların iltihabı;
  • limfostaz - limfa axınının pozulması;
  • trofik xora - dəridə və ya selikli qişada uzun müddət sağalmayan yara;
  • hemanqioma damar toxumasından ibarət olan xoşxassəli bir şişdir.

Damar cərrahının konsultasiyası necə baş verir?
İlk konsultasiya zamanı damar cərrahı xəstəni müayinə edir. Dərinin vəziyyətini, qan damarlarının görünüb-görünmədiyini, şişkinlik və xoraların varlığını öyrənir. Həkim həmçinin xəstəliyin əlamətlərini və digər xroniki xəstəliklərin mövcudluğunu soruşur. Diaqnoz qoymaq üçün həkim ultrasəs rəngli Doppler müayinəsini həyata keçirir. Müayinə damarların ölçüsünü, divarlarının və klapanlarının vəziyyətini, mənfəzində qan axınının sürətini, həcmini və istiqamətini təyin etməyə imkan verir. Alınan nəticələrə əsasən, həkim diaqnoz qoyur, daha da dəqiqləşdirmək və xəstəliyin səbəblərini öyrənmək üçün laborator testlər və digər aparat müayinələri də təyin edə bilər.
Damar cərrahı hansı müayinələri təyin edə bilər?
Dəqiq diaqnozu müəyyən etmək üçün damar cərrahı təyin edə bilər:

  • qanın ümumi analizi;
  • qanın biokimyavi analizi;
  • koaquloqramma;
  • lipid profili;
  • ümumi sidik analizi;
  • elektrokardioqramma;
  • ultrasəs rəngli Doppler müayinəsi;
  • anqioqrafiya - kontrastlı rentgen müayinəsi;
  • kompüter tomoqrafiya və KT-anqioqrafiya;
  • maqnit-rezonans tomoqrafiya və MRT-anqioqrafiya;
    Müayinələrin nəticələrinə əsasən, damar cərrahı damarların zədələnmə dərəcəsinə uyğun müalicə taktikasını seçir, cərrahi müdaxilə ehtiyacını təyin edir. Göstərişlərə görə, həkim hansı texnikanın daha təsirli olacağını müəyyənləşdirir. Damar xəstəliyinin inkişaf etmiş mərhələlərində daha mürəkkəb müalicə tələb oluna bilər. Həkimə vaxtında müraciət etmək xəstəliyi erkən mərhələdə müəyyən etməyə və müalicəyə başlamağa imkan verir. Bu hallarda konservativ müalicə də kifayət edir. Həkimlə əlaqə üçün klik edin