Blog Image
  • Dek. 23, 2022, 2:24 p.m.

FLEBEKTOMİYA ƏMƏLİYYATI NECƏ APARILIR?

Bundan öncəki bloqda əməliyyat üçün göstərişlər və əks göstərişlər barədə danışmışdıq. İndi isə, əməliyyat necə aparılır və əməliyyatdan sonra nəyə diqqət etmək lazımdır, o barədə danışacağıq.

FLEBEKTOMİYA EMELİYYATİ NECƏ APARILIR

Flebektomiya əməliyyatdan əvvəl pasient müayinə olunmalı və ultrasəs rəngli Doppler müayinəsindən keçməlidir. Adətən, kombinə edilmiş flebektomiya aparılır. Bu üsul varikoz genişlənmiş damarların zədələnmə dərəcəsinə və yerləşdiyi nahiyəyə görə müxtəlif fərqli üsulların birləşməsidir. 

Kombinə edilmiş flebektomiyaya daxildir:

  • krossektomiya - böyük və kiçik dərialtı varikoz genişlənmiş venanın dərin venaya birləşdiyi yerdə kəsilməsi və bağlanması;
  • safenektomiya - böyük venoz damarları çıxarmaq üçün ənənəvi cərrahi müdaxilə;
  • stripinq - nazik bir zond istifadə edərək varikoz damarlarının çıxarılması (damarların yalnız varikoz genişlənmiş hissəsi çıxarılır);
  • miniflebektomiya - xüsusi bir qarmaq istifadə edərək kiçik dəliklər vasitəsilə varikoz genişlənmiş damarların çıxarılması.

Flebektomiya əməliyyati spinal anesteziya və ya ümumi anesteziya (narkoz) altında aparılır. Planlaşdırılan əməliyyat müddəti (anesteziya daxil olmaqla) 1- 3 saatdır. Əməliyyatdan sonrakı xəstəxanada qalma müddəti 1-2 gündür.

 

FLEBEKTOMİYA EMELİYYATİNDAN SONRA

Flebektomiya emeliyyatindan sonra əməliyyat olunan ayağa kompression uzun corab və ya kolqotki geyindirilir, 2 həftədən 2 aya qədər geyinmək mütləqdir. Ağır yük qaldırmaq və ağır idman hərəkətlərindən uzaq durmaq tövsiyə olunur. Heç bir halda hovuzlara, saunalara və hamamlara getmək məsləhət deyil.

Flebektomiya emeliyyatindan sonrakı ilk günlərdə çıxarılan damar boyunca göyərmələr ola bilər. Bir neçə həftədən sonra göyərmələr keçir, lakin onların yerində bəzi qalınlaşmalar daha 2-3 həftə müşahidə oluna bilər.

Tikişlər 7-9 gün ərzində çıxarılır. Əməliyyatdan 2 həftə sonra həkimlə təkrar müayinə təyin olunur. Növbəti müayinə iki ay ərzində damarların ultrasəs müayinəsi üçün təyin olunur.